Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbi həkimlər tərəfindən iş icazəsi almaq üçün edilən müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda 693 özəl tibb müəssisəsi qeydiyyatdan keçib ki, onların da bir hissəsi stasionardır. Məhz həmin klinikalar tez-tez digər ölkələrdən gələn həkimləri reklam edir.

Həmin klinikaların rəsmi veb-saytlarında verilən məlumata görə, onların hər birində azı 50 xarici həkim xidmət göstərir. Bu həkimlər əsasən Türkiyə, İran, Rusiya, Gürcüstan və bəzi hallarda da Hindistandan gələn həkimlərdir.

Xaricdən gələn bütün həkimlər əsasən cərrahlardır. Onlar müxtəlif sahələrdə, xüsusilə də plastik cərrahiyyə sahəsində əməliyyatlar aparırlar. Yeri gəlmişkən, lap yaxınlarda Bakıda xarici mütəxəssislərin fəaliyyət göstərəcəyi daha bir klinika açılıb. Ora həkimlər yalnız Türkiyədən dəvət olunub.

Qeyd edək ki, klinikaların veb-saytlarında olan məlumatlar real həqiqəti əks etdirmir. Xarici həkimlərin sayı əslində orada göstərilənlərdən çoxdur.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi məlumata görə, 2018-ci ildə cəmi 33 tibb işçisinə burada işləmək hüququ verilib. Onlara burada üç, altı ay və bir il müddətində işləməyə icazə verilib. Eyni zamanda onların ödədiyi dövlət rüsumu müvafiq olaraq 350, 600 və 1000 manat təşkil edir.

Bu sahədə yoxlamanın aparılmaması vəziyyəti daha da ağırlaşdırır. Prezident İlham Əliyevin 2015-ci il tarixli fərmanı 2021-ci ilin yanvarına qədər sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını tələb edir.

Sözügedən fərman vergi yoxlamalarına şamil edilmir və yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır.

Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə üzərində cərrahiyyə əməliyyatı aparılır
Bununla əlaqədar olaraq, Azərbaycanda fəaliyyət göstərən xarici həkimlərin dəqiq statistikası məlum deyil.

Tibb elmləri üzrə fəlsəfə doktoru, mama-ginekologiya üzrə cərrah Əziz Rəfibəyovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən əcnəbi həkimlərin sayı göründüyündən daha çoxdur.

Rəfibəyov özü Rusiya vətəndaşıdır. Lakin 20 ildir Azərbaycanda işləyir və yaxın gələcəkdə Azərbaycan vətəndaşlığı alacaq.

Baxmayaraq ki, o özü də xarici həkim sayılır, cərrah, reklama aldanan pasientləri günahlandırır. Deyir ki, təqsir öz sağlamlığını haqqında heç nə bilmədiyi həkimə etibar edən pasientdədir.

"Özünü vətənində yaxşı mütəxəssis kimi tanıdan həkim heç vaxt qazanc dalınca başqa ölkəyə getmir. Çünki bu, onun özünə uyğun deyil. Bəzən bizdə bir klinikada işləyən həkimlər cərrahiyyə əməliyyatını aparmaq, yaxud da doğuşu qəbul etmək üçün başqa tibb müəssisələrinə getməyə üstünlük verirlər. Şəxsən mənim üçün bu, rahat deyil. Buna görə də biz bir yerdə oturub işləməliyik" -” deyə cərrah bildirir.

Onun izahatına görə, xəstələr həmişə ən pisdən çəkinməlidirlər. Rəfibəyov öz təcrübəsində elə hallarla rastlaşıb ki, xarici həkim cərrahiyyə əməliyyatından dərhal sonra xaricə getməli olub, çünki qabaqcadan təyyarəyə bilet sifariş edib. Pasient isə təkbaşına taleyin ümidinə qalıb. Və bu, yeganə hal deyil. Belə pasientlər hara müraciət edəcəklərini və kimdən yardım istəməli olduqlarını bilmirlər. Nəticədə başqa həkim axtarmaq məcburiyyətində qalırlar.

"Azərbaycanda çox sayda yaxşı həkimlər var. Baxmayaraq ki, mən buralı deyiləm, onlarla birlikdə işləyirəm və məsuliyyətli mütəxəssisləri görürəm. Mən görüntüyə aldanıb xarici həkimlərin yanına qaçan pasientləri başa düşmürəm. Çünki sabah onların başına bir iş gəlsə, kimə müraciət edəcəklərini bilməyəcəklər" -” deyə Rəfibəyov vurğulayıb.