Bakının Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 22 ünvanında daha bir yaşıllıq zonası məhv edilib. Ərazidə obyekt açan şəxslər günorta saatlarında əhalinin işdə olmasından istifadə edərək giriş-çıxışa mane olduğuna görə çoxillik əncir və şam ağaclarını kəsiblər.
Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, ərazidə daha bir çoxillik ağacı da o birilərinin aqibəti gözləyir.
"Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzillərdən biri bir neçə ay olar ki, tanımadığımız şəxsə satılıb. O da həmin mənzildən obyekt kimi istifadə etmək istəyir. Deyilənə görə, stomatoloji kabinet olacaq. Obyektin pəncərəsindən həyətə çıxış açırlar. 2 şam və 1 əncir ağacını kəsiblər - bu ağaclar görünür, onlara mane olurmuş. Beşmərtəbəli bina hündürlüyündə daha bir çoxillik ağacı da təhlükə gözləyir, çünki o da giriş-çıxışa mane olur. Amma onu kəsməyə hələ imkan tapmayıblar. Biz bu ağacları özümüz yetişdirmişik, suvarmışıq. Ən azı 40 il yaşları var. Kim onlara bu ağacları kəsməyə icazə verib?, - deyə bina sakini Orxan Əliyev bildirir.
Şikayətçinin sözlərinə görə, ağacları kəsənlər onların izlərini itirmək üçün köklərini də qazıyıb çıxarmağa çalışıblar. Amma bunun mümkün olmadığını gördükdə, köklərin üstünü torpaqlayıblar.
O. Əliyev deyir ki, bu ərazidə yaşıllıqların məhvi ilə bağlı ilk hadisə deyil. Burada bir neçə il əvvəl şəxsən Mehriban Əliyevanın tapşırığı ilə bir gecənin içində salınan parkın ərazisində də ağaclar kəsilib.
Sakinlər problemlə bağlı prezident İlham Əliyevin rəsmi internet səhifəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xəttinə müraciət ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən virtualaz.org-a Nəsimi rayonu, 20 Yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olduğunu və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırıldığını dedilər.
"Əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə məktubla müraciət olunub.
Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə "məcburi göstəriş verilib.
Bir daha qeyd edək ki, bu həmin küçədə ilk ağac soyqırımı hadisəsi deyil. Bir neçə ay əvvəl də 20 Yanvar küçəsi 24 ünvanında çoxillik ağacların kəsilməsi ilə bağlı fakt aşkarlanmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi ilə bağlı məlumat yaymışdı. Araşdırma zamanı qanun pozuntusunu törədən Abbas Hüseynov 2900 manat məbləğində cərimə olunmuşdu...