Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 60-dən çox əməkdaşı hazırda Altıağac Milli Parkının ərazisinə baş verən yanğının söndürülməsinə çalışırlar.
Unikal.org xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçin sahəsində başlayan yanğın gecə saatlarında başlayan güclü külək səbəbindən Altıağac Milli parkının ərazisinə keçib:
"Nazirliyinin 60-dən çox əməkdaşı FHN-nin yerli qurumlarının əməkdaşlarıyla birgə hadisə yerindədir. Həmin sahəni yandırmaqda şübhəli bilinən şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Hikmət Əlizadə qeyd edib ki, hazırda yanğın davam edir:
"Əkin sahələrinin yandırılmaması üçün mütəmadi maarifləndirmə işləri aparılmasına baxmayaraq, hələ də çoxları biçindən sonra sahəni yandırırlar və bu cür yanğınlar baş verir. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan burda daha çox əl əməyindən istifadə olunur. 2 vertalyot yanğının söndürülməsinə cəlb edilib.