Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın etməkdə təqsirləndirilən Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə müttəhimlər özlərini təqsirli bildiklərini deyiblər.
Təqsirləndirilən Q.Hüseynov ifadəsində qeyd edib ki, hadisəni törədən zaman içkili olublar.
O söyləyib ki, həmin vaxt evdə adam olduğunu bilməyiblər: "Həmin vaxt qadına xəsarət yetirilməyib. Yan otağa keçəndə Nəcəfəli Ağayevlə rastlaşdım. Əgər bilsəydik ki, evdə qadın var ora girməzdik. Yalnız kişi olduğunu bilirdik. Evə girəndə qadın bizi görüb qaçdı. Mən qadının arxasınca qaçıb onu tutdum. Digərləri isə kişinin yanında idi. Səs-küy düşdü. Qışqıranda başqa şəxslər gəldi".
Təqsirləndirilən şəxslər evə daxil olarkən üzərlərində taxta, üzlərində maska olduqlarını vurğulayıblar.
S.Həşimov dindirilən zaman üzərində bıçaq olduğunu və ev sahibini bıçaqla vurduğunu etiraf edib.
Hər üç şəxs istintaqda verdikləri ifadələrini təsdiq ediblər.
Zərərçəkmiş şəxslər məhkəmə prosesində iştirak etməyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanım Ağayevanı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.
Onlar istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.
Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.
Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.