"Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlayacaq".
Unikal.org-un məlumatına görə, bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
"O ki qaldı Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyibdir. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaqdır. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir", - o qeyd edib.
Xanım prezident bildirib ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır: "Mən eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət, xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm. Sonda bildirmək istəyirəm ki, bu yaxınlarda biz qərar qəbul etdik. Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır. Lakin mən qərar qəbul etdim ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın. Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm".