İsmət Abbasov 3 şirkətə diş batıra bilmir
12:34 06-09-2012
CƏMİYYƏT
İsmət Abbasov 3 şirkətə diş batıra bilmir
Kənd təsərrüfatı naziri pambıqçılığı inhisarçılara necə təslim etdi?
Dünya pambıq bazarında 2011-ci ildən başlayan dinamik proseslər Azərbaycan fermerlərinin cibindən yan keçir. Belə ki, inhisarçılar fermerləri pambığı köhnə qiymətə satmağa məcbur edirlər. Bunda əsas məsuliyyət sahiblərindən biri isə Kənd Təsərrüfatı Nazirliyidir (KTN). Belə ki, nazirlik pambıqçılıqla məşğul olan sahibkarların haqlarını qorumaqda acizlik nümayiş etdirir. Bu barədə redaksiyamıza aqrar sektora yaxın ekspertlərdən biri adının çəkilməməsi şərti ilə bildirib.
Ötən il Azərbaycan pambıq lifi birjalarda 4 min manata olub, amma pambıq şirkətləri utanmadan pambığın tonunu 420 manata (1 tondan 36% lif çıxır) alıb. Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyi yaranmış vəziyyətə müdaxilə etməkdən çəkinib. Buna səbəb kənd təsərrüfatı naziri İsmət Abbasovun pambıqçılıqda marağı olan bəzi iri məmurlarla toqquşmaya getmək istəməsi olub.
Hesablamalar göstərir ki, bu il pambıq əkilməsi üzrə bir sıra xidmət və mallar bahalanıb. Amma pambıq şirkətləri qiyməti qaldırmır. Pambıq alışı üzrə müqavilələr əvvəlki qiymətlə bağlanır. Rentabellilik üçün 1 ha-dan məhsuldarlıq 30 sentnerdən çox olmalıdır. 2011-ci ildə 1 ha-dan məhsuldarlıq 16 sentner olub. Belə bir vəziyyətdə isə hələ də İsmət Abbasovun nazirliyinin susqunluğu və müşahidəçi mövqeyi tutması diqqət çəkir.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Rövşən Əliyev bir müddət əvvəl bildirib ki, bu il 50 min ton pambıq istehsal ediləcək. "Demək, məhsuldarlıq 2011-ci ildəkindən çox olacaq. Nə qədər məhsul yığılacağı hava şəraitindən asılıdır", deyə o bildirib. Amma buna inanmaq çətindir. Əvvəla, KTN rəsmilərinin belə açıqlamaları bir növ populist xarakter daşıyır və biz bunu taxılçılıqla bağlı çox müşahidə edirik. Elə nazirlik rəsmisinin əvvəlcə ötən ildən çox məhsul toplanacağını iddia edib sonra da hər şeyi təbiətin üzərinə atması da bunu təsdiqləyir, KTN bəri başdan özünə əl yeri saxlayır ki, sabah bunların proqnozları özünü doğrultmasa, havaların pis keçməsini əsas gətirib işin içindən çıxa bilsinlər. Eynən taxılçılıqla bağlı proqnozlarda olduğu kimi!
İkincisi, reallıq da İsmət Abbasovun nazirliyinin populizmə söykənən optimizmini paylaşmağa imkan vermir. Belə ki, ötən il 42,8 min ha sahədə pambıq əkilib. Bu il bir çox fermerlər pambıq yetişdirməkdən imtina edib və sahələr 29,1 min ha olub. 2011-ci ildə pambıqçılar 66,4 min ton pambıq yığıb. Bu, 2010-cu ildəkindən 73,8% çoxdur. Amma pambıq əkini sahələrinin faktiki azalması 2012-ci ildə nəinki artımı istisna edir, hətta azalma haqqında düşünməyə əsas verir.
Elə adının çəkilməsini istəməyən kənd təsərrüfatı mütəxəssisi də İsmət Abbasovun və nazirliyinin ölkədə pambıqçılığı faktiki olaraq, inhisarçılara təslim etməsi fonunda müsbət nəticələrə ümid etməyin absurd səsləndiyi qənaətindədir. Məsələ burasındadır ki, hazırda Azərbaycanda pambıqçılıq 3 şirkətin nəzarətindədir: "MKT İstehsalat & Kommersiya" (14 zavod), "CTS Aqro" (5) və "Jecot" (3). 2011-ci ildən pambıqçılıq bazarına daha bir şirkət - "Shamo" MMC daxil olub.
Sonuncu şirkət 2 min ha sahədə pambıq əkib və özünün Saatlıda pambıqtəmizləmə zavodu var.
Di gəl ki, hər üç şirkətin fermerlərdən pambığın alınması qiymətində işbirliyi var. Onlar sözü bir yerə qoyub fermerlərdən "ağ qızıl"ı su qiymətinə almaqda yenə israrlıdırlar.
İsmət Abbasovun da məhz bu 3 şirkətin maraqlarına təslim olduğunu və ötən il olduğu kimi, bu il də özünü bəzi iri məmurlarla pis etmək istəməyərək fermerlərin pozulan haqlarının müdafiəsinə səssiz qaldığını deyə bilərik.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12