İran İpək Yolu ölkələri arasında vizasız rejim mümkündürmü?
11:15 07-09-2012
CƏMİYYƏT
İran İpək Yolu ölkələri arasında vizasız rejim mümkündürmü?
İran İpək Yolu ölkələri arasında vizasız rejimin tətbiq olunmasını təklif edir. İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi "İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, İpək Yolu ölkələri arasında viza rejiminin aradan qaldırılması bu ölkələrin turizim potensialının inkişafına təkan verəcək.
O deyib: "Tarixi İpək Yolunun əhəmiyyəti çox mühümdür və İpək Yolunun təkmilləşdirilməsinə ehtiyac var".
Onun sözlərinə görə, İpək Yolunun canlandırılması ilə həmin yolun üzərində yerləşən ölkələrin insanları arasında sıx əlaqələr qurulacaq: "Biz - İpək Yolu ölkələri öz turizm potensialımızdan layiqincə istifadə etməliyik.
Musəvi qeyd edib ki, İpək Yolu ölkələri arasında Şengen vizasının analoqu yaradılmalıdır.
Musəvi həmçinin İpək Yolu ölkələrinin Baş Assamblyesanın yaradılması və onun ilk qurultayının gələn ilin sonunda İranda keçirilməsini təklif edib.
İranın vitse-prezidenti 2014-cü ilin "İpək Yolu ili" elan olunması, Ümumdünya Turizm Təşkilatının bir gününün İpək Yolu Günü kimi qeyd olunması və İpək Yolu atlasının yaradılması təklifi ilə də çıxış edib. Musəvi bildirib ki, İran bu atlasın yaradılmasını öz üzərinə götürməyə hazırdır.
Avropa Birliyinin keçdiyi çox illik inteqrasiya proseslərini və bu proseslərin Avropa dövlətlərinə, ümumən dünya birliyinə göstərdiyi siyasi, iqtisadi və hərbi təsirləri diqqətlə izləyəndə bir daha əmin olursan ki, planetdə tədricən inteqrativ dəyişimlər üstünlük təşkil etməkdədir və görünür, sonda belə də olacaq, yəni dünya dövlətləri təmsilçilk əsasında daha güclü ümumi qurumlar yaratmağa başlayacaqlar.
Ancaq bizə elə gəlir ki, Avropa Birliyinin yaradılmasının tarixi köklərini və zərurətini araşdırmadan bu mərhələyə gəlinib çıxılması mümkün deyildi.
Ola bilsin ki, növbəti fikrimiz oxucuya qəribə görünsün, amma bu, tarixi və çağdaş gerçəklikdir. B gerçəklik də ondan ibarətdir ki, Avropa Birliyinin nüvəsində, mayasında duran ilkin qurum Roma Papalığı olub. Xristian aləminin əksəriyyətini birləşdirən bu dini struktur, nəhayət, XX yüzillikdə Avropa Birliyini doğurdu.
(Oxucunun yadındadırsa, bu qurumun yubilieyində çıxış edən Almaniya kansleri Anjela Merkel qürurla bildirdi ki, “Avropa Birliyi xristian mədəniyyətinin törəməsidir”.)
Sonradan bu qurumun əsasında digər törəmə strukturlar meydana çıxdı...
Əsas mövzumuza qayıdıb qeyd edək ki, bu sətirlərin müəllifi hələ 10-12 il bundan öncə İslam məkanında vahid dini təşkilatın yaradılması və vahid dini liderin seçilməsi təklifi ilə bir sıra mötəbər islami toplantılara təkliflər göndərib. Və hamısının da cavabı bu olub ki, “Xeyli xub! Gəlin elə bizim ətrafımızda birləşin”. Məsələn, iki ildən bir Türkiyədə qurultay keçirən Əhli-beyt Konfransı. Bu qurumun qurultayından bizə gələn cavab bu oldu: “Yeni dini qurum yaratmağa ehtiyac yoxdur, biz varıq. Gəlib bizə birləşsinlər”.
...Xırdaçılığa varmadan qeyd edək ki, hazırda dünya sivilizasiyası istər-istəməz inteqrasiya proseslərinə məruz qalmaqdadır. Çox güman ki bu proses uzaq perspektivdə də davam edəcək və ən sonda ümumdünya hökumətinin yaradılmasına gətirib çıxadacaq. Çünki planetdə günbəgün artmaqda olan ekoloji, sosial, hərbi və psixoloji fəsadları ayrılıqda heç bir hökumətin həll etməyə qadir olmadığı daha kəskin şəkildə ortalığa çıxır.
Müstəqil hüquqşünas Qurban Məmmədov da hesab edir ki, “Təkcə İpək Yolu ölkələri arasında deyil, ümumən İslam və hətta Şərq məkanında Şengen vizasına bənzər rejimin tətbiq edilməsi olduqca zəruridir. Belə bir rejim tətbiq edilərsə, dövlətlər arsındakı bir sıra problemlər öz-özünə həll olunub aradan qalxacaq”.
Hüquqşünas bildirir ki, sərbəst viza rejimi kommersantların da fəaliyyətinə ciddi stimul verəcək: “Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Avropa dövlətləri tutur. Bəs bu dövriyyədə ərəb dövlətlərinin, Pakistanın və yaxud Orta Asiya dövlətlərinin payı nə qədərdir? Üst-üstə götürsək, cəmi bir faiz də etməz. Amma vizasız rejim tətbiq edilsə, bu rəqəm sürətlə artacaq. Vizasız rejimin digər üstün cəhəti ondan ibarətdir ki, bu rejimə daxil olan ölkələrin vətəndaşları arasında da səmimi və işgüzar münasibətlər yaranacaq. Mən bu ideyanı alqışlayıram”.
Savalan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49