"Beynəlxalq Şahmat İttifaqı 187 ölkəni birləşdirir. Hazırda Şəmkir ümumdünya şahmat hərəkatının paytaxtına çevrilirb. Çünki ardıcıl 3-cü ildir dünyanın ən güclü şahmatçıları yığışırılar. Burada dünya çempionları və sabiq çempionlar oynayıblar. Bunlara misal olaraq Maqnus Karlson, Vladimir Kramnik, Vişvanand Anandın adlarını çəkə bilərəm".
Unikal.org-un məlumatına görə, bunu FİDE prezidenti Kirsan İlümjinov Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən "Shamkir Chess" superturnirinin açılış mərasimindən sonra brifinqdə deyib.
O bildirib ki, dünyanın ən güclü şahmatçıları xatirə turniri üçün Şəmkirə gəlməklə V.Həşimovun xatirəsinə hörmətlərini nümayiş etdirirlər: "Vüqar təkcə dahi şahmatçı olmayıb. O, dünyanın tanınmış şahmatçılarının yaxın dostu olub. Mən təşkilatçılara, Şəmkir rayon rəhbərliyinə, Azərbaycan hökumətinə, Azərbaycan Şahmat Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar hər il bu xatirə turnirini təşkil edirlər. Hazırda "Shamkir Chess" FİDE-nin təqvimində dünyanın ən güclü şahmat turnirlərindən sayılır".
K.İlümjinov özü ilə bağlı qalmaqal barədə də danışıb: "Mən indi də FİDE-nin prezidentiyəm. Sadəcə, müəyyən səlahiyyətləri, ABŞ-da maliyyə sənədlərinin imzalanması hüquqlarını I vitse-prezident Georqos Makropulosa vermişəm. 2015-ci il noyabrın 25-də ABŞ-ın Malliyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınmışam. Çünki bir neçə dəfə Suriyaya getmişəm. Orada şahmat turnirləri keçirmişik. Biz orada şahmat mərkəzi açmışıq. Buna görə də ABŞ-da fiziki və hüquqi şəxslərlə müqavilə imzalaya bilmərəm. Bu səbəbdən ABŞ-la bağlı səlahiyyətləri birinci vitse-prezidentə vermişəm. Ancaq bunu nəzərə almasaq, 2018-ci ilədək FİDE-nin prezidentiyəm. Həmin ilin payızında Batumidə Şahmat Olimpiadası və Şahmat Konqresi olacaq. Orada FİDE-nin prezident seçkiləri olacaq".