Şirvan şəhərində yerləşən "Araz zavodunda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz zavodunda yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Müdafiə Sənayesi Nazirliyinin, şəhər polis şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları, həmçinin Nazirliyin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri və təxirəsalınmaz birgə tədbirlərin görülməsinə başlanılaraq yanğının genişlənməsinin qarşısı alınıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun istehsalat sahəsinə aid konteyner tipli sexində detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı yanğın baş verib, nəticədə zavodun işçiləri Xəlilov Vaqif Valeh oğlu və İsmayılov Sabit Əlisurət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan ŞəhərMərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.