Ötən gün Bakıda piyada keçidində qadını və nəvələrini vuran yük avtomobilinin sürücüsü Tərlan İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Unikal.org-un xəbərinə görə, bu barədə Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda qeyd olunur.
Qeyd edək ki, Bakı şəhər sakini 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi "ZİL-130 markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.
Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, G.Salmanova və A.Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişlər.
Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.