Yaponiyada "Böyük yeddilik" (G7) ölkələrinin liderlərinin illik görüşü başlayır.
Görüş Yaponiya Baş naziri Sindzo Abenin sədrliyi ilə keçirilir. Görüşdə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya federal kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İtaliyanın Baş naziri Matteo Renzi və Kanada Baş naziri Castin Tryudo iştirak edirlər. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin də Yaponiyaya gedəcəyi gözlənilir.
G7-yə qonaq qismində Vyetnamın Baş naziri Nquen Suan Fuk, Laos Baş naziri Thonqlun Sisulit, İndoneziya prezidenti Coko Vidodo, Şri-Lanka prezidenti Maytripala Sirisena, Banqladeşin Baş naziri Şeyx Hasina Vazed, Papua-Yeni Qvineyanın Baş naziri Piter Onil və Çadın prezident İlris Debi İtno dəvət olunublar.
Görüş zamanı başlıca müzakirə mövzusu dünya iqtisadiyyatının problemləri və onun davamlı inkişafına yönəlmiş səylər olacaq. Bundan əlavə ofşor sənədləri ilə bağlı müzakirələrin geniş vüsət alması fonunda korrupsiya ilə mübarizə, terrorizmlə mübarizə, Suriya məsələsi, KXDR-nın nüvə və raket proqramları, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, Ukraynadakı böhranın nizama salınması üçün Minsk razılaşmalarına əməl olunması məsələsi də görüş zamanı müzakirə ediləcək.(AzNews.az )