"Rossiya 1 telekanalında jurnalist Vladimir Solovyovun "Moskva.Kreml.Putin proqramının növbəti buraxılışı efirə gedib.

Unikal.org xəbər verir ki, bu proqramda MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə də geniş yer verilib.

Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyəti barədə bir çox maraqlı detallar yer alır. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub. "Rossiya 1 telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu "sensasion kadrlar adlandırıb.