Türk Hava Yollarına aid təyyarədə bomba panikası yaşanıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, İstanbul-London səfərini reallaşdıran təyyarə təcili eniş etməli olub. Buna səbəb isə təyyarənin göyərtəsində tapılan telefon olub.
"Boeing 777" təyyarəsi saat 08.34-də Atatürk Hava Limanından qalxıb. Uçuş zamanı göyərtədə telefon tapılıb. Stüardessalar xəbərdarlıq etsələr də telefonun sahibi tapılmayıb və pilotlara xəbər verilib. Pilot təhlükəsizlik qaydalarını nəzərə alıb və sahibsiz telefona görə təyyarə Belqradda eniş etməli olub.
Belqrad Nikola Tesla aeroportu ilə əlaqə quran pilot vəziyyəti izah edərək eniş icazəsi alıb. Təyyarə problemsiz şəkildə eniş edib və təyyarədə axtarış aparılıb.
Təhlükəsizlik tədbirlərindən sonra onun yenidən havaya qalxacağı gözlənilir.