Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı məzhəb ayrı-seçkiliyi salınmasından narahat olduğunu bildirib və dindarlara bununla bağlı xəbərdarlıq edib.
Unikal.org apa-ya istinadən məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, idarənin vahid təqvimi var. Bu, rəsədxana ilə birgə hazırlanıb, hamı eyni təqvimdən istifadə etməli, ayrı-seçkiliyə yol verilməməlidir.
Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr kənardan düzgün olmayan təqvimlər gətirir: "Bu, təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidir".
QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışır: "Bunlara imkan vermək olmaz. Məsələn, iyulun 6-sı bayramdırsa, bütün sünni və şiələr eyni gündə bayram namazı qılacaqlar. Başqa cür ola bilməz".
A. Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.