Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq edib.

Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək.

Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.