Şabranda gənc oğlan əsgərlik dostları birgə cinayət törədib. Rayonda vətəndaşın tövləsindən gecə saatlarında 34 baş qoyunun oğurlanaraq yoxa çıxması yerli polisi ayağa qaldırıb. Heyvanları Ağalıq kəndinin yaxınlığında aşkar edən əməliyyatçılar hadisəni törədən Şabran sakinləri, 20 yaşlı Tahib Əmiraslanov və 21 yaşlı Urfan Əsədullayevi isə Bakıda yaxalayıb istintaqa cəlb ediblər.
Mal-qara oğurluğunun isti izlərlə açılması polislərə fevral ayında və mayın 21-də baş vermiş 3 ev oğurluğunun da açılmasına kömək edib.
Unikal.org anspress-ə istinadən bildirir ki, məlum olub ki, evləri də T.Əmiraslanov yarıb. O, hər 3 evdən külli miqdarda pul və qızıl zinət əşyaları aparıb.
Şabran PŞ-nin istintaq bölməsinin rəisi Rəşad Yunisovun sözlərinə görə, adı çəkilən gənc həmkəndlisi Mahir Musa oğlu Qurbanovun evinə qanunsuz daxil olmaqla oradan 280 manat dəyərində qızıl-zinət əşyaları və 1680 manat məbləğində pul aparıb. "Tofiq Muradovun evindən isə 1000 manat pul, Əfqan Mütəllimov evindən isə 132 manat pul oğurlanıb".
Saxlanılan gənclərin birlikdə hərbi xidmətdə olduqları məlum olub. Ev oğruluğunu təkbaşına edən Tahib Əmiraslanov qoyunları oğurlayanda əsgər yoldaşını köməyə çağırıb.
Saxlanılan Urfan Əsədullayevin sözlərinə görə, yoldaşı ona oğurluq təklifini edib, o isə rədd edib: "Bir müddət keçəndən sonra zəng etdi ki, gəl kömək et. Biz qardaş, dost olmuşuq, birlikdə çörək kəsmişik. Mən, key kimi, nə bilərdim ki, o oğurluqlar edib".
İndi polis onların əməlinə hüquqi qiymət vermək istiqamətində tədbirləri davam etdirir.