Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib.
Unikal.org xəbər verir ki. görüşdə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hərbi xidmətə yeni çağırılmış gənclərə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb.
Ş.İbadov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirib.
Diqqətə çatdırıblar ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Sonda hərbi vətənpərvərlik sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirakına, həmyaşıdları arasında nümunəvi davranışına və təhsilində fərqləndiyinə görə bir qrup şagirdlərin Fəxri Fərmanla, hərbi xidmətə yolasalınan gənclər isə hədiyyələr ilə təltif olunub və Azərbaycan Respublikasının üçrəngli bayrağını öpərək həqiqi hərbi xidmətə yola salınıblar.