Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla universitetdə Valideyn Şurasının üzvləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, valideyn Şurasının tərkibi universitetin müxtəlif fakültələr üzrə kurs tələbələrinin, həmçinin magistrantların valideynlərindən ibarətdir. Şuranın hazırda Təhsil fakültəsi, Filologiya və Jurnalistika fakültəsi, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi, Tərcümə və mədəniyyətşünaslıq fakültəsi, Magistratura şöbəsi üzrə ümumilikdə 20-dən çox üzvü var. Valideyn Şurasının sədri könüllü əsaslarla Təhsil fakültəsinin 207 a qrup tələbəsi Lalə Məmmədovanın valideyni Zülfiyyə Hüseynova seçilib. Şuranın sədri universitetin Elmi Şurası və rektorluğun iclaslarında iştirak haqqına malikdir, həmçinin universitetdə keçirilən tədbirlər, tələbələrin dərs prosesi, imtahan prosesində iştirak etmək və universitetə aid digər məsələlərlə bağlı məlumatların Şura üzvlərinə çatdırılması vəzifəsini icra edəcək.

Görüşdə rektor K.Abdulla ADU-da təhsil alan tələbələrin perspektivli gənclər olduğunu valideynlərin diqqətinə çatdırıb. O, gənclərin Ümummilli lider Heydər Əliyevin əmanəti olduğunu deyib: "Bizim əqidəmizdə əmanətə xəyanət yoxdur. O sözlər indiyə kimi mənim qulağımdadır və bugünə kimi həmin tələbələrə əmanət kimi baxırıq, muğayat olmağa çalışırıq. Rektor valideynlərə ADU-da təhsil alan övladlarından nigaran qalmamalı olduqlarını qeyd edib: "Siz övladlarınızdan arxayın ola bilərsiniz. Onlar burada bir ailənin içindədirlər. Tələbələrlə mütəmadi görüşlərin keçirildiyini deyən rektor K.Abdulla valideynlərlə də səmimi və faydalı münasibətlərin qurulması üçün bütün səylərin göstəriləcəyini dilə gətirib. O, Valideyn Şurasının yaradılmasına ciddi yanaşıldığını və tam bərabərhüquqlu üzvləri kimi valideynlərin mövcudluğunu daim görmək arzusunda olduğunu söyləyib: "Universitet həyatında iştirakınızın bu və ya başqa formaları haqqında sizinlə məsləhətli şəkildə müəyyən addımlar atacağıq. Bu, o deməkdir ki, siz universitet həyatının hər bir məqamında iştirak edə bilərsiniz. İstədiyiniz zaman, istənilən tədris və imtahan prosesində övladınızla birlikdə iştirak edə bilərsiniz. Dekanlar sizin iştirakınızı təmin edəcəkdir. Bir-birinizi tanımağınızı, tədbirlərdə iştirak etməyinizi istərdim. Bu şəkildə bizim ailəmizə daxil ola bilərsiniz.

K.Abdulla universitetin Valideyn Şurasının fəaliyyəti ilə yanaşı, fakültələr üzrə Valideyn Şurasının yaradılmasını da zəruri hesab edib. Rektor K.Abdulla universitetdə daima keçirilən rəsmi görüşlər, layihələr, o cümlədən bu yaxınlarda universitetin birinci kursunda təhsil alan tələbələrin ehtiyacı olan bədii kitabların universitetin maliyyəsi hesabına verilməsi haqqında məlumat verib.

Daha sonra ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, Tərbiyə işləri üzrə Sərraf Hüseynov Valideyn Şurasının yaradılmasını yüksək qiymətləndiriblər. Çıxış edənlər valideynlərin universitetin yalnız tədris işlərində deyil, həmçinin sosial-ictimai həyatında da fəal iştirak etmələrini, onların tövsiyə və təkliflərinin inkişaf üçün mühüm amil olacağını söyləyiblər.

Valideynlər, öz növbəsində uşaqlarının ADU-da təhsil almaqlarından qürur duyduqlarını və çox məmnun olduqlarını diqqətə çatdırıblar. ADU-da keyfiyyətli tədris prosesi, şəffaflıq, tələbələrə qarşı qayğıkeş münasibətdən razılıqlarını ifadə ediblər. Universitetin tələbələrə ictimai fəallıq və vətəndaş mövqeyinin formalaşmasında da xüsusi istiqamət və dəstək verdiyi qeyd olunub.

Görüş müzakirələrlə davam edib.