Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış "Toplan Sahibsiz itlərə Qayğı Mərkəzi Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib.
Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Paytaxtın Xətai rayonundakı idman-əyləncə park kompleksində "Azərcell Telekom şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən şagirdlər və tələbələr iştirak ediblər.
Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Kukla teatrlarının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə layihə çərçivəsində bir sıra tədbirlərin reallaşdırılmasına başlanılıb. Hazırda Balaxanıda yerləşən Sanitariya İdarəsində yenidənqurma işləri aparılır. Balaxanı qəsəbəsində inşa olunacaq "Toplan Sahibsiz itlərə Qayğı Mərkəzi müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz olunacaq.
Əyləncə proqramından sonra uşaqlar Leyla Əliyeva ilə birlikdə Heydər Əliyev Mərkəzindəki "Live Life ("Canlı həyat) sərgisini də izləyiblər.
Sərgi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.