Bakıda qatarla avtobusun toqquşması faktına görə dispetçer vəzifəsində çalışan Fərəcov Mübariz Kərim oğlu və avtobusun sürücüsü Şıxəliyev Əlixan Əlibaba oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.
Unikal.org-un oxu.az-a istinadən xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmə verilən vəsatəti təmin edib və hər iki şəxs 4 ay müddətinə həbs edilib. M. Fərəcova qarşı Cinayət Məcəlləsinin 265-1.3 (Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan - iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Ə. Şıxəliyevə isə Cinayət Məcəlləsinin 263.3 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatının Polis İdarəsində cinayət işi başlanıb.