Azərbaycan Tibb Universitetində (ATU) yay sessiyası imtahanlarına hazırlıqla bağlı müzakirə aparılıb.
 
ATU-nun mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə universitetin rektoru, professor Gəray Gəraybəyli imtahan nəzarətçiləri ilə görüşərək sınaq prosesinə hazırlıq işləri ilə tanış olub, imtahanların yüksək səviyyədə təşkili üçün qarşıda duran məqsədlər haqqında danışıb.
 
Rektor qeyd edib ki, iyun ayının 1-dən 21-dək ATU-da attestasiya, yekun dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi keçiriləcək: "Hər tədris ilinin sonunda bu proseduralar verilir. Lakin bu il Tibb Universiteti dövlət imtahanları ilə bağlı xeyli yeniliklər tətbiq edib. Bunlardan biri də beynəlxalq standartlara uyğun olaraq Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan sistemi ilə imtahanların keçirilməsidir. Artıq yeni sistemin tətbiqi ilə bağlı treninqlər keçirilib. İstənilən halda, OSKİ bizim üçün yeni üsuldur və prosesin təkmilləşdirilməsi davam etməlidir".
 
Gəray Gəraybəyli bildirib ki, həmişə olduğu kimi qarşıda duran əsas məsələlərdən biri tələbələrə qarşı xoşməramlı münasibətin qorunub saxlanmasına nail olmaqdır: "Bununla bağlı universitetimizin xüsusi dəsti-xətti olub, belə də davam edəcək. İmtahanlar tam obyektiv şəaitdə keçirilməlidir, tələbələrə qarşı qayğı göstərilməlidir. Biz bu strategiyamıza sadiq olmalıyıq".