Yaponiyada gəzən, oynayan və danışan "RoBoFoN" adlı robot-telefonun ilk min ədədlik partiyası əvvəlcədən sifariş verməklə elə ilk gündəcə satılıb. Bu barədə "Sharp" korporasiyasının Kommunikativ Robotlar Mərkəzinin direktoru Sinsuke Yamamoto bildirib.
Unikal.org azertag-a istinadən xəbər verir ki, "RoBoFoN" dünyanın ilk robotlaşdırılmış telefonudur. Smartfon kimi işləyən telefon rahatlıqla cibə yerləşir. Robot-telefon gəzir və oturur, mahnı oxuyur və oynayır, danışır. O, kinoteatrda film seçə, sahibinin zövqünə uyğun olaraq restoranda masa sifariş verə, alnına yerləşdirilmiş kamera vasitəsi ilə fotoşəkil çəkə və onları lazer proyektoru vasitəsi ilə nümayiş etdirə bilir. Telefonun dizaynı Beynəlxalq Kosmik Stansiyaya uçan məşhur "Kirobo" robotunun "atası" Tomotaka Takaxasi tərəfindən hazırlanıb.
Sinsuke Yamamotonun məlumatına əsasən, hazırda "RoBoFoN"un xarici dillərdə danışması üçün iş aparılır. Kompaniya bir müddət sonra kiçik insana bənzəyən robot-telefonun Yaponiyanın xaricində də satışlarına başlamağı planlaşdırır.
"RoBoFoN"un qiyməti 198 min yendir (təxminən 1800 dollar). Kompaniya hər ay təxminən 5 min robot-telefon satmağa ümid edir.