"Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistan bir sıra çox önəmli yüksəklikləri və strateji əraziləri itirdi. Bu əraziləri, mövqeləri mütləq qaytarmalıyıq. Azərbaycanla yeni müharibəyə başlamalıyıq".
Unikal.org ArmToday-a istinadən bildirir ki, erməni general-mayor, "Kommandos" ləqəbi ilə tanınan Arkadi Ter-Tadevosyan belə deyib.
Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi gərəkən addımları atmadığına, lazımi qərarları vermədiyinə görə "dördgünlük müharibə"də uduzdu.
"İndi məğlubiyyəti və itkiləri gizlətmək üçün deyirlər ki, o ərazilər taktiki və strateji baxımdan əhəmiyyət kəsb etmir. Əksinə, itirilən mövqelər strateji baxımdan çox əhəmiyyətili idi. İndi ermənilərin Talışda, Madagizdə, Mardakertdə (Ağdərə - red.) normal yaşamaları üçün o mövqeləri mütləq qaytarmalıyıq. Təbii ki, bunu hamı nəzərə almalıdır. Amma Ermənistan rəhbərliyinin, deputatların çıxışları məndə təəssüf hissi yaradır", - erməni general deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan və Müdafiə Nazirliyi itirilmiş ərazilərin geri qaytarılmasını düşünməlidirlər: "Dağlıq Qarabağın şimalında itirdiyimiz yüksəkliklərə görə çox böyük itkilər verdik, bundan sonra da verəcəyik. Talış kəndində kimsə yaşamır. Dağlıq Qarabağın ən böyük şəhəri olan Mardakert hədəfdədir. Ermənilərin o yaşayış məntəqələrinə qayıtmaları, rahat yaşamaları üçün itirdiyimiz mövqeləri və yüksəklikləri geri almalıyıq", - Ter-Tadevosyan söyləyib.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə "Kommandos"un açıqlamalarını emosional adlandırıb: "Hesab edirəm ki, belə açıqlamalarla çıxış etməzdən əvvəl faktları xatırlamaq, məntiqlə danışmağa çalışmaq lazımdır".