"Muradın ölümünü oğlumdan gizli saxlamağa çalışıram. İstəyirəm uşaqlar dərk etsinlər ki, ataları ölməyib, şəhidlik zirvəsinə ucalıb". 

Unikal.org bildirir ki, bunu azvision.az-a aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.

F.Mirzəyevanın sözlərinə görə, oğlu Nurlan atasının vəfat etdiyini hiss edib: "Müdafiə Nazirliyində medalın təqdim edilməsinə gedərkən Nurlan dedi ki, ataya verilən medalı sən niyə alacaqsan? Sözsüz ki, atasının həlak olduğunu başa düşür, sadəcə dilinə gətirmək istəmir. Nurlan bəlkə də məni incitməmək üçün atasının öldüyünü demir. Uşaqlar ölümün nə olduğunu bilirlər, şəhidliyi başa düşmürlər. Bunu onlara izah etməyə çalışıram".



Milli Qəhrəmanın xanımı qeyd edib ki, Murad Mirzəyev şəhid olandan sonra tanımadığı insanlar başsağlığı vermək üçün onların evlərini ziyarət edirlər.

"Cəbhə bölgəsindən, daha çox atəşə məruz qalan kəndlərdən olan sakinlərdən xeyli zənglər gəlir. Həmçinin cəbhə bölgəsində yaşayanlardan evimizə gələnlər də var. Bildirirlər ki, şəhidlərimiz öz canlarını fəda etməklə bizim canımızı güllələrdən xilas etdilər. Ötən gün Türkiyə Böyük Birlik Partiyasının sədri və üzvləri ailəmizə baş çəkməyə gəlmişdilər".



Qeyd edək ki, mayın 16-da Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Murad Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



General-polkovnik Zakir Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.