2018-ci ilin doqquz ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 635 min 922 müraciət qeydə alınıb.
DMX-dən Unikal.org-a verilən məlumata görə. 9 ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasına görə isə 59 min 745 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
DMX doqquz ayda ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 15 min 349 qərar qəbul edib.
Qərarlardan 9812-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 8101-i ölkəni tərk etmə, 1711-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.
Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 5081 qərardan 3343-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 1738-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.
203 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 195-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 46, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı isə 12 qərar qəbul edilib.
Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.