Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN-dən Unikal.org-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən S.Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.
Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə A.Astanov İmişli rayonunun ərazisində saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri ilə A.Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.
Belə ki, bu şəxsin Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.
Meyitin və cinayət törədilərkən istifadə edilmiş tüfəngin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
10:40
Saatlıda dəhşətli cinayətin üstü açılıb.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Saatlı rayonunun Qarayev kəndində yerləşən fermanın sahibi, Goranboy rayon sakini Sərxan Elxan oğlu Mirzəyev əslən Hacıqabul rayonundan olan, fermanın 25 yaşlı çobanı (adı dəqiqləşdirilir) tərəfindən mübahisə zəminində ov tüfəngindən açılan atəşlə yuxarı ətraf nahiyəsindən xəsarət alıb.
Törətdiyi cinayətə görə saxlanılaraq hüquq-mühafizə orqanlarında dindirilən zaman çoban 4 gün əvvəl Hacıqabul sakini olan 27 yaşlı çoban yoldaşını da qətlə yetirdiyini deyib.
Onun etirafına görə, aralarında yaranmış mübahisə zəminində çoban yoldaşının sinəsinə ov tüfəngi ilə 2 dəfə atəş açaraq, öldüyünə əmin olduqdan sonra cəsədi yaxınlıqdan keçən şor su kollektoruna atıb. Hazırda hadisə yerinə gələn FHN-in dalğıcları tərəfindən cəsəd sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işinə başlanıb.