Səbail rayonunda yerləşən gözəllik salonlarından birində müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarsi 39-cu polis bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini təsdiqləyib.
Saxlanılan şəxsin ərtafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.
DİN-dən bildirilib ki, G.Novruzova, əsasən, qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.
Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.
G.Novruzovanın digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsi, eləcə də 39-cu polis bölməsinə müraciət edə bilərlər.