"İti mənə təcili vermələrindən nəsə baş verdiyini anlamışdım. Nə olub xanıma, o yaxşıdır?, - deyə 8 ildir Zamirə Hacıyevanın "Pomerants" cinsindən olan itinə baxan qadın soruşur.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Özünün dediyinə görə, o, mütəmadi olaraq iti gəzdirmək üçün evə gəlir, əvəzindəsə, hər saat üçün 15-20 funt-sterlinq alır. Deyir ki, son zamanlarda itə daha çox baxmağına görə heç artıq pul da almayıb. "Çox yaxşı qadındır, - deyə o, əlavə edir.
Əlbəttə ki, onun "Harrodsdan və xərclənən 16 milyondan xəbəri yoxdur. Heç bizim bunu ona deməyə vaxtımız da olmur. "Elə bilərlər ki, sizə məlumat verirəm, - deyir birdən-birə və yanında gəzdirdiyi başqa bir evə aid olan iti götürərək, sürətli addımlarla bizdən uzaqlaşır.
Yanımda 1993-cü ildən müxtəlif Britaniya nəşrlərində fotoqraflıq edən Peter bu sahədə daha təcrübəsiz olduğum üçün mənə izahat verir: "Bax lazım olanda biz belə şeyləri də xəbərin altında yazırıq. Bunu yazsaq böyük ehtimalla qadının işinə son verəcəklər. Ancaq nə etmək olar, bu, jurnalistikadır, biz öz işimizi görürük. İnsanlardan bu şəkildə məlumat qopardırıq.
Qadınla söhbəti başladan elə Peter olur. Ona çəkdiyi şəkli göstərir, qadın çox bəyənir, emailinə atmağını istəyir, ancaq o, birdən-birə fikrindən daşınıb, uzaqlaşır.
Londonun məşhur "Harrods alış-veriş mərkəzinə üç dəqiqəlik yerimə məsafəsindəki Zamirə Hacıyevanın evinin qarşısındayam. Daha doğrusu, evlərinin... Yan-yana iki evə sahibdir, Zamirə Hacıyeva bu bahalı küçədə...
İnsanın əvvəlcə heyrətlənməyi gəlir, yəni həqiqətən də iki ev? Sonra isə düşünürsən ki, niyə də yox? 16 milyonu "Harrods"da xərcləməyə imkanı olan şəxsin niyə də yan-yana iki evi olmasın?Yanımda mənimlə birgə gözləyən 3 ingilis jurnalistlə söhbət edirik, ara-sıra... Onlar ilk dəfədir ki, azərbaycanlı jurnalist görürlər. Azərbaycan haqqında eşitsələr də, ölkəmizin xəritədə tam harda olması haqqında suallar verirlər, oradaki həyat barədə soruşurlar.
Mən də ilk dəfə belə qapılarda saatlarla gözlədiyim üçün onlardan məni maraqlandıran suallar soruşuram. Jurnalistlərdən biri "Daily Telegraf"da işləyir, biri müxtəlif qəzetlərə çəkdiklərini satır.
Əvvəlcə itini gəzdirərkən Zamirə Hacıyevanın fotolarını necə çəkdikləri ilə maraqlanıram. Peter deyir ki, həmin gün ancaq bir fotoqraf fotonu çəkə bilib: "Həmin fotoqraf yemək üçün maşına getmişdi, digər iki fotoqraf da kənarda bir-birlərinə nəsə göstərirdilər. Onlar Zamirənin gəldiyini görməyiblər. Maşının içindəki fotoqraf elə sakitcə həmin fotonu çəkib. Həmin gün ondan başqa bütün fotoqraflar əliboş qayıdıblar.
Mənimlə birgə pusquda olan ingilis jurnalistlərin günlük məvacibinə gəlincə isə, "freelance olaraq işləyənlər hər gün üçün 60-70 funt alır. Həmin gün foto çəksələr də, çəkə bilməsələr də...
Mənim geyim tərzimin səhv olduğunu, əynimə geyindiyim paltarın, ayaqqabının, gödəkcənin isə soyuq keçirdiyini başa salır, Peter... Elə bir saat gözləməmiş, ayağımdan gələn soyuqla Peterin nə demək istədiyini başa düşürəm.
Ümumiyyətlə, Peter jurnalistlərin arasında ən çox danışanı çıxdı, o birilərlə bir neçə kəlimə danışırq. Görünür Peter, uzun müddət soyuqda obyekt gözləməyi belə ötüşdürür, öz aləmində... Yolda bizi əlimizdə fotoaparatlarla görən insanların burada hansı məşhurun yaşaması haqqındaki suallarını da elə hər dəfə öz üslubunda maraqlı bir şəkildə cavablandırır. Mənə isə, aparatım haqqında yaxşı məsləhətlər verir, bir az da "doorstepping haqqında danışır. Yəni qapı ağzında gözləmək taktikası barədə...Mənə maraqlı gəlir, görəsən, onun çox yox, bir milyon poundu olsa, nə edərdi? "Əminəm ki, gedib, "Harrodsdan özünə bahalı saatlardan alardın, - deyə zarafatlaşıram.
Gülür, sonra köynəyinin qolunu açıb, biləyini mənə göstərir: "Bax, mən heç saat taxmağı xoşlamıram.
"Heç bu qədər pulumun olmasını da istəməzdim. Pul xoşbəxtlik gətirmir ki!, - deyir, "Daily Telegrafın fotoqrafı... Onun sonrakı qeydi isə qorxuncdur: "Bir kişi var idi, lotereyada milyonlar udmuşdu, bir neçə ilə ailəsinin bütün fərdlərini itirdi.
Peter isə qayıdıb məndən soruşur ki, "bəs sən nə edərdin? Mən də deyirəm ki, "özümə London ətrafından 300 minə bir ev alardım. Qalanını da nə etmək lazım olduğunu isə sonra fikirləşərdim.
Bu sözümü eşidib, Peter ərinmədən telefonunu açır, başlayırıq mənə ev axtarmağa, 3-4 otaqlı evlərə baxırıq, müzakirələr aparırıq. Hava soyuqdur, artıq saatlardır ki, yerimizdən tərpənmədən, yemək yemədən hər gəlib-gedən maşının içinə baxırıq. Gözlərimiz isə onu axtarır.Mən saat 12-dən gəlsəm də, onlar səhər 6.30-dan məşhur evin qarşısında Zamirə Hacıyevanı gözləyirlər. Görünür, Zamirə xanım evdən biz gəlməzdən əvvəl çıxıb.
Saat 4-ə yaxınlaşır, hamı öz redaktoruna zəng edir, Zamirə xanımın hələ də ortalıqda olmadığını deyirlər. Birdən Peterin telefonuna son dəqiqə xəbəri gəlir: "Britaniyanın nəqliyyat naziri Jo Jonson istefa edib.
Peter bunu təcili "Daily Teleqrafın jurnalistinə deyir. O, tez-tələsik sağollaşıb, maşınına qaçır və gedir. Jo Jonsonu tapıb, isti-isti fotosunu çəkməyə...
Mən hələ də gördüklərimə inanmayaraq soruşuram ki, o, doğurdan da o getdi?
"Hə, o bugün Jo Jonsonun fotosunu çəksə, Zamirənin fotosundan daha çox pul alacaq. Yəqin bilir ki, onun evi hardadır. Ora gedir, indi...
Elə onun getməsindən yarım saat sonra, hava daha da qaralır, digər jurnalistlər də gedirlər. Mən isə bir az da gözləyəcəyimi deyirəm.Evə əlində çamadan olan cavan bir qız gəlir, köməkçisi evə girməmiş çamadanı aşağı aparır. Qızın kim olduğunu bilmirəm, ancaq içəri girən kimi evdəki itin qızın üstünə atılmasından və "Chanel markalı çantasından bu qızın Zamirə Hacıyeva ilə ən azından yaxın qohum ola biləcəyini ehtimal edirəm.
Hava qaralır, 5-6 saat ac-susuz qaldığım, hazırlıqsız gəldiyim üçün artıq yorulduğumu hiss edirəm. Məhkəmə qərarına görə, Zamirə xanım axşam saat 9-a qədər evə gəlməlidir. Həmin vaxta hələ üç saat qaldığı üçün onun nə vaxt dönə biləcəyinə əmin ola bilmirəm. Həm də digər fotoqraflar da gündüz çəkilən fotonun daha yaxşı olduğunu deyirlər.
Mən də bir az sonra "Harrodsa doğru addımlayıram. Artıq şəhər "Christmasa görə öz rəngli işıqlarına bürünüb. "Harrodsın rəngli vitrinləri insanı bir başqa cür valeh edir, müştəriləri özünə çəkir. Görəsən, Zamirə Hacıyeva hər dəfə buradan keçəndə nə hiss edir?Bu arada mən də səhəri gün, polis məntəqəsinin qabağında Zamirə Hacıyevanın fotosunu çəkə bilirəm. Ancaq üzünü bağlayır. Elə bil, iki gündür ki, onu saatlarla gözlədiyimi hiss edib və acığını bu şəkildə çıxır məndən...