Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, ərazidən axan Lənkərançay, Vəşərüçay, Təngərüdçay, İstisuçayda suyun səviyyəsi 57-129 sm qalxıb, Boladıçay və Veravulçayda isə sel müşahidə edilib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-130, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 450 faizini təşkil edir.
Tranzit çaylardakı son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 205 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 66,5 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, çayın aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 10, Salyanda 8, Bankədə 16, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2017-ci il noyabrın 12-də 367 sm), Şirvanda 211 sm (2017-ci il noyabrın 12-də 209 sm), Salyanda 163 sm (2017-ci il noyabrın 12-də 180 sm), Bankədə 193 sm (2017-ci il noyabrın 12-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2017-ci il noyabrın 12-də 95 sm) təşkil edir.