Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində çılpaq ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Unikal.org xəbər verir ki, Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri cari ilin noyabr ayı ərzində Hirkan və İstisu qəsəbələrini, eləcə də Şıxəkərən və Separədi kəndlərini əhatə edən 150 hektar naringi və limon bağlarında fitosanitar müsahidə tədbirləri həyata keçiriblər. Müşahidələr zamanı 50 hektar sahədə sirayətlənmə müəyyən edilib və yerli mütəxəssislərin verdikləri tövsiyələr əsasında fermer təsərrüfat sahibləri tərəfindən 20 hektar sahədə metaldehit tərkibli pereparatdan istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparılıb.
Bildirək ki, bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, meyvə və qismən texniki bitkilərə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.
Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:
Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir.
Məhsul toplandıqdan sonra əkin sahələrindən bitki qalıqları yığılıb məhv edilməli və tarlalarda vaxtında dondurma şumu aparılmalıdır.
Çılpaq ilbizlərlə mubarizədə onlara kontakt təsir edən superfosfat, təzə sönmüş əhəng, göydaş, ammonium-sulfat, xörək duzu, formalin, furfurol və s. preparatlar, eyni zamanda torpağın zənginləşdirilməsi üçün istifadə olunan makro və ya mikro elementlərdən istifadə etmək tövsiyə olunur. Bu məqsədlə gübrələr və əhəng torpağın tələbatına uyğun olaraq, hər hektara müxtəlif normada, xörək duzundan isə 1 hektar üçün 150 kiloqram məhlul hazırlayaraq istifadə edilməlidir. Göydaş məhlulu hazırlamaq üçün 1 litr suya 100 qram hesabı ilə göydaş götürülür və hər hektara 400 litr məhlul çilənir.
Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir.
Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparması üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi və fiziki şəxslərin özləri tərəfindən aparılır.