Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyi arasında qurulan işgüzar əlaqələr biznes-partnyor və universitet tərəfdaşlığının ən bariz nümunəsidir.
Unikal.org xəbər verir ki, iqtisadi, texniki, sosial, təhsil və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verən bu qurum artıq bir neçə ildir ki, AzMİU ilə də səmərəli işgüzar münasibətlər qurub. Qurum universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə diqqət və qayğıyla yanaşaraq onun müasir avadanlıqlarla təmin edilməsinə dəstək göstərir. Xatırladaq ki, bu məqsədlə bu ilin yanvarında TİKA Memarlıq fakültəsinin müəllim və tələbələrinin istifadəsinə 3D printer hədiyyə edib.
Yeni tədris ilində isə TİKA AzMİU-nun Memarlıq fakültəsinin korpusunu bütövlükdə ən müasir texniki avadanlıqlarla təchiz edib. TİKA tərəfindən universitetin Memarlıq fakültəsinin komputer laboratoriyasına 53 ədəd komputer hədiyyə olunub. Bununla yanaşı, TİKA fakültəni14 proyektor, 6 smart board, 1ədəd 3 D skayner və digər texniki avadanlıqlarla da təmin edib.
Bu gün keçirilən görüşdə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin təhsil müşaviri Mahmud Ağırman, TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki və agentliyin digər nümayəndələri AzMİU-nun Memarlıq fakültəsinə baş çəkib, studiya və laboratoriyalarla tanış olublar. Binada yerləşən komputer laboratoriyası və çap mərkəzi ilə tanışlıqdan sonra onlar Memarlıq fakültəsinin kollektivi ilə görüşüblər.
Tədbiri AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq qonaqları salamlayıb. Universitetin maddi-texniki bazasının formalaşmasında TİKA-nın böyük rolunu xüsusi vurğulayan rektor buna görə qurumun rəhbərliyinə dərin təşəkkürünü bildirib. "AzMİU ilə TİKA arasında qurulan işgüzar əlaqələr sayəsində adıçəkilən qurum Memarlıq fakültəsinin maddi-texniki bazasının qurulması, auditoriya və studiyaların ən müasir avadanlıqlarla təchiz olunması, yeni texnologiyaların tətbiq olunması işində bizə böyük dəstək verib.
Görüşdə Türkiyənin səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, türkiyəli tələbələr çıxış ediblər.
Görüşün sonunda AzMİU-nun rektoru TİKA Azərbaycan nümayəndəliyinin rəhbərinə yağlı boya ilə işlənmiş rəsm əsəri hədiyyə edib.