Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydasında dəyişikliklər edib.
Unikal.org-un məlumatına görə, dəyişikliklərə əsasən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və sanator tipli uşaq bağçalarına qəbul qaydaları müəyyənləşib.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri statusunda körpələr evi-uşaq bağçası və uşaq bağçası olacaq. Ümumilikdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər. Ayrılıqda götürdükdə, bu statusda körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcək.
Sanator tipli məktəbəqədər təhsil müəssisələri isə infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılacaq. Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.Başqa sözlə, bu statusda körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.
Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş təqdim olunmalıdır.