İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında təhsil işçilərinin, müəllimlərin, valideyinlərin, ictimaiyyət nümayəndələrinin,veteranların iştirakı ilə ölkəmizi tanıyaq tur-aksiyası çərçivəsində Azərbaycanın Şimal regionuna səfər edəcək 40 nəfər şagirdlə görüş keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib ki, ölkəni yaxşı tanıyıb, əsil vətəndaşı olmaq üçün, vətəni hərtərəfli tanıyıb, onu ürəkdən sevmək üçün cənab Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən "Ölkəmizi tanıyaq maarifləndirici tur-aksiyası misilsiz əhəmiyyət kəsb edir. Daha sonra RİH-nin başçısı Mirdaməd Sadıqov Azərbaycanın çoxistiqamətli inkişafının yüksək nəticələrindən, İsmayıllının sosial-iqtisadi, aqrar sahələrdəki uğurlarından Respublikanın ümumi inkişaf sürətinə qovuşduğundan, xüsusilə təhsildə qazanılan nailiyyətlərdən, ölkə rəhbərinin 25-26 avqust tarixlərdə İsmayıllıya səfərinin 10 illərə bərabər gətirdiyi yüksəlişdən, bölgənin hərtərəfli inkişafını, xüsusilə turizmi, təhsili, mədəniyyəti zamanımızın tələbləri səviyyəsinə qaldıracaq səfərsonrası sərəncamlardan ətraflı bəhs edib.İcra Hakimiyyətinin başçısı ölkəni öyrənməkdə, təhsildə, əsil vətəndaş olmaqda, milli-mənəvi-maddi dəyərlərə sahib çıxmaqda, bu dəyərli səfərdə şagirdlərə uğurlar arzulayıb.

Keçənilki tur-aksiyanın iştirakçısı Arifə Gərayeva, bu il ölkəni tanımağa gedən Ləman Zeynalova, valideyin Leyla Babayeva, təhsil veteranı Valeh Salehov, tur-aksiyanın rəhbəri Ramiz Baloğlanov, rayon polis şöbəsinin rəisi Telman Ağasıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon şöbəsinin rəisi Xamis Bədəlov,məktəb direktorları Şəmsiyyə Əhmədova və Elxan Bədəlov çıxış ediblər.

Çıxışlarda əsas yeri cənab Prezidentə yetişən nəslə göstərdiyi qayğıya, uşaqların xoşbəxt böyüməsi, fasiləsiz təhsili üçün yaratdığı şəraitə görə minnətdarlıq hissləri tutub. Çıxış edənlər vurğulayıblar ki, İsmayıllı təhsilinin belə yüksək səviyyədə olması həm də onun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin bütün sərəncam, göstəriş, tapşırıq və tövsiyələri rayonda məsuliyyətlə icra olunur. Profilindən asılı olmayaraq hər bir təşkilat ümumi inkişafda daha fəal iştirakı ilə seçilməyə çalışır.

Görüşün sonunda aksiya iştirakçılarına yaxşı yol arzulanıb və qeyd edilib ki, onlar 18 noyabr 2018-ci il tarixdə səhər-səhər "Heydər Əliyev Mərkəzindən yola salınacaqlar.