"İşsizlikdən sığorta haqqında qanun layihəsinə mühüm dəyişiklik təklif olunur.
Unikal.org xəbər verir ki, 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət bundan sonra Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bu səbəbdən layihədə sığortaçının, sığortaedənin və sığortaolunanın hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulmalıdır.
Maddə 23-də təklif edilir ki, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür.
Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunur.