Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir.

Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhədinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:

"Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-cü kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci texniki dərəcəyə malik 4 hərəkət zolaqlı olacaq. Yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Bakı-Ələt-İran sərhədi avtomobil yolu 270 kilometrlik məsafəni 40 kilometr qısaldıb".

O, həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifi müəyyən etmək səlahiyyətində deyil: "Bu qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiyməti müəyyən edəcək".

Agentlik rəhbəri qeyd edib ki, Bakının Xətai rayonu, Babək prospektində yenidənqurma işləri davam etdirilir: "Həmin prospektdə işlər yekunlaşmaq üzrədir. Hazırda işlərin çox hissəsi yekunlaşıb. Prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri aparılır. Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq və yol tam istifadəyə veriləcək".

S.Məmmədov əlavə edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə yeni yolların tikintisinə başlayacaq.

Qurum rəhbəri bildirib ki, artıq həmin yolların layihələri hazırdır: "Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub.

Bundan başqa, Ucar- Zərdab-Ağcabədi yolunun, Biləsuvar-Bəhramtəpə yolunun yenidən qurulması və Xaldan-Gürcüstan sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq".