Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla birgə özünüməşğulluq proqramı çərçivəsində rayonda yaradılmış kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, S.Babayev proqram iştirakçıları ilə görüşərək, onların özünüməşğulluq proqramı çərçivəsində yeni qurduqları ailə təsərrüfatları ilə bağlı fikirlərini, planlarını öyrənib. Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram yalnız aktivlər verilməklə yekunlaşmır, onlara bu təsərrüfatları genişləndirmək üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, aztəminatlı ailələr özünüməşğulluq proqramının yaratdığı imkanlardan istifadə edərək öz uğurlu kiçik bizneslərini qura, gəlirlərini artıra bilsinlər, sahibkarlığa keçid imkanı əldə etsinlər.
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər