Eldar Əzizov yeni vəzifəyə gətirilir
13:06 14-09-2012
CƏMİYYƏT
Eldar Əzizov yeni
vəzifəyə gətirilir
Sumqayıtın icra başçısı haqqında
yeni söz-söhbət yayıldı
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov baş nazir vəzifəsinə gətirilə bilər. Bu barədə iddia sosial şəbəkələrdə ortaya atılıb.
Xatırladaq ki, Əzizov haqqında vəzifəsinin yüksəldiləcəyi barədə məlumatlar yeni deyil. O, hələ Gəncəyə rəhbərlik edərkən paytaxta mer təyin olunacağı yönündə iddialar var idi. Bu iddialar hazırda da bitib-tükənmək bilmir.
İki həftə öncə isə Eldar Əzizov saytlardan birinə müsahibəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin olunacağı barədə sualları cavablandırıb. Müsahibənin həmin bölümündə Sumqayıtın icra başçısı ilə jurnalist arasında belə bir dialoq keçib:
" - Eldar müəllim, Bakıya çox yaxınlaşmısınız axı...
-Mən Bakıda anadan olmuşam. Anlamadım, hansı konteksdə dediniz?
-Bakı Şəhər Meriyasına bir addım qalıb, o konteksdə...
- (Bərkdən gülür) Mən hələ bu vəzifəyə təzə təyin olunmuşam. Ümumiyyətlə, mənim taleyim belədir, hara
gedirəm, o dəqiqə deyirlər, Eldar Əzizov burada filan vəzifəyə gedəcək. Bu boş söhbətdən başqa bir şey deyil. Elə də yazın: "Boş söhbət..."
-İndi gəlib bu söhbət düz çıxsa, nə olacaq, Eldar müəllim?
- Bu məsələ heç vaxt gündəmdə olmayıb, indi də yoxdur. Hər il qəzetlər bir-iki nəfər var, onları növbə ilə vəzifələrə qoyub-çıxarırlar. Amma bu boş söhbətdən başqa bir şey deyil.
-Siz fəxr edirsiz bu siyahıdan çıxmamağınızla? Hər-halda sizi layiq görürlər də.
-Vallah, bu barədə fikirləşmirəm: fəxr edim, ya yox. Yenə sağ olsun jurnalistlər! Başqalarını vəzifədən çıxarırlar, amma mənim vəzifəmi böyüdürlər".
Göründüyü kimi, Eldar Əzizov onun Hacıbala Abutalıbovun postuna gətiriləcəyi ilə bağlı məlumatları "boş söhbət" adlandırsa da, cavablarının tonundan mediada daim vəzifəsinin yüksəldiləcəyi yönündə xəbərlərin çıxmasından bir o qədər də narahat deyil. Tam əksinə, bundan gizli bir məmnunluq hissi də keçirir.
O da maraqlıdır ki, adı indiyədək Artur Rəsizaddən sonra baş nazirlik postuna namizədlər sırasında hallandırılmayan Eldar Əzizovun birdən birə hökumətin başına gətirilməsi barədə ortaya çıxan söz-söhbətlər məhz onun mer təyin ediləcəyi yönündə söyləntiləri "boş söhbət" adlandırmasından sonraya təsadüf edir. Daha bir maraqlı məqam hökumətiçi proseslərə dərindən bələd olan və adının çəkilməsini istəməyən bir mənbəmizin Eldar Əzizovla bağlı haqqında danışılan təyinatın gerçəkləşmə ehtimalını kifayət qədər yüksək qiymətləndirməsidir.
Mənbəmizin fikrincə, hazırki baş nazirin dəyişdirilməsinin önünü kəsən ən mühüm amil iri məmur təbəqəsi arasında onu əvəzləyəcək ciddi siyasi iddiaları olmayan fiqurun yoxluğudur: "Ona görə də Eldar Əzizov kimi uzun illər bürokratik aparatda olmuş və ciddi postlar tutmuş, eyni zamanda siyasi iddiası olmayan, sadəcə, verilən tapşırıqların icrası ilə məşğul olan "ikinci eşalon"a aid məmurların baş nazirliyə gətirilmə ehtimalı artır. Mən istənilən halda Azərbaycanda yeni baş nazirin oliqarxlar arasından seçiləcəyinə inanmıram, bunlar məhz daha aşağı məmur eşalonundan "parlayan" şəxslər ola bilərlər. Eldar Əzizov da həmin şəxslərdən biridir".
Azər Aslan
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34