Azərbaycan Dillər Universitetində (ADU) jurnalist, ssenarist, rejissor, Qarabağ müharibəsi veteranı, filosof İlham Tumas "Makiavelli: Siyasətdə və fəlsəfədə mövzusunda mühazirə deyib.
Unikal.org xəbər verir ki, giriş sözü ilə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə İmanova intibah dövrünün görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkolo Makiavellinin ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdən olduğunu bildirib.
Sonra mühazirəçi İlham Tumas əsrlərdir ki, Makiavellinin ən məşhur əsərləri ətrafında qızğın mübahisələr getdiyini, mütəfəkkirin siyasi nəzəriyyəsinin və baxışlarının çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edildiyini vurğulayıb. Lektor Makiavellinin "Florensiya tarixi əsərindən sitat gətirərək XV əsrdə İtaliyada baş verən iğtişaşları, problemləri önə çəkib və 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş proseslərlə müqayisə aparıb. Qeyd edib ki, Makiavelli həmin əsərdə uçurumun kənarında olan bir dövlət üçün hökmən qətiyyətli və güclü rəhbərə ehtiyac olduğuna diqqət çəkib.
İlham Tumas əlavə edib ki, Ulu öndər Heydər Əliyev xalqın haqlı tələbi nəticəsində hakimiyyətə gəlməsi ilə ölkəmizdəki bütün iğtişaşların qarşısı alındı və Azərbaycanda sabitlik bərqərar oldu.
Sonda mövzu ilə əlaqədar suallar cavablandırılıb.