Azərbaycanda yol polisi nümunəvi jesti ilə diqqət cəlb edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları polis kapitanı Məftun İsrafilov və baş cavuş Əliyev Ceyhun 99-YP-249 dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən Asif adlı şəxsin maşınını saxlayıblar. Polis əməkdaşları sürücünün sənədlərini yoxlayan zaman avtomobildə olan 5 yaşlı uşaq qorxub və ağlamağa başlayıb. Bu zaman polislər azyaşlı oğlana polis maşını olan oyuncaq hədiyyə ediblər. Həm sürücü, həm də onun ailə üzvləri polisin nümunəvi addımını təqdir ediblər. Sürücünün qohumları sosial şəbəkədə bu hadisə ilə bağlı paylaşım edərək, Azərbaycan polisinin nümunəvi addımına görə öz minnətdarlıqlarını bildiriblər.
Unikal.org-a açıqlama verən Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Məftun İsrafilov xəbəri təsdiqləyib:
"Dünən biz xidmətdə olarkən bu hadisə baş verdi. Bizim DYP avtomobillərində maşın oyuncaqlar və gəlinciklər olur. Qayda pozan avtomobilləri saxlayanda maşında olan azyaşlılara hədiyyə edirik ki, qorxub ağlamasınlar. Çünki biz də insanıq, bizim də ailəmizdə azyaşlılar var. Uşaqlara qarşı diqqətli olmağa borcluyuq. Belə hallarla qarşılaşanda onların sevincini görmək bizim özümüzə də xoş olur".
Famil Fərhadoğlu