Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Unikal.org xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Aydın Mirzəzadə və eləcə də universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində olduğunu deyən rektor M.Babanlı müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən söz açan millət vəkili A.Mirzəzadə dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan söz açıb. Müasir Azərbaycanın bütün nailiyyətlərinin məhz Heydər Əliyev kimi milli dəyərlərə bağlı, fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu deyən millət vəkili A.Mirzəzadə onun dövlətçilik təcrübəsinin və siyasi irsinin əhəmiyyətindən danışıb.