Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirdə iştirakçılar Qubadlı rayon  İcra Hakimiyyətinin foyesində olan Ulu Öndərin büstünün önünə gül dəstələri qoydular. Sonra tədbir Qubadlı rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdi. 

Tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Ulu Öndərin həyatından və siyasi fəaliyyətindən” bəhs olunan videoçarx nümayiş olundu. 

Elmi-praktiki konfransda çıxış edən  Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun  müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs etdi. RİH-nin başçısı vurğuladı ki, dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır. Natiq nitqində həmçinin Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi tövhələrdən bəhs etdi. Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır. Qeyd olundu ki, bu gün cənab Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. Natiq nitqində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edərək bildirdi ki, bu inkişaf məcburi köçkünlərin daima yeniləşən həyatında da özünü göstərir.

 Sonra RİH başçısı Malik İsaqov Ümummilli Lider  Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktiki konfransı yekunlaşdırır.