Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 15 dekabr tarixindən 03 yanvar tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Unikal.org-a daxil olan məlumata görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən 200-dən çox ehtiyat avtobus ayrılıb.
Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.
Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin Avtovağzaldan yola salınır.
Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.
Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.