"Sosial media beynəlxalq təşkilatlar səviyyəsində hər zaman müzakirə predmeti olub. Bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından digər media nümunələrini üstələyir. Çünki burada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir".
Unikal.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini qurumlar və sosial media" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var: "Bəzi ölkələrdə sosial medianın fəaliyyəti üzərində dövlət səviyyəsində qanunvericiliklə nəzarətin yaradılması istiqamətində addımlar atılıb. Bəziləri bunu azadlığa maneə kimi qələmə verirlər".
Dövlət Komitəsinin sədri əlavə edib ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir: "Çünki bu sahədə bəzən dezinformasiya baş alıb gedir. Eyni zamanda, insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə yayılır, təşviq və təbliğ olunur. Ona görə də bu mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir".