"Son 10 ayda 50882 evlənmə, 12396 boşanma qeydə alınıb".
Unikal.org verdiyi xəbərə görə, bu statistik məlumatları hüquqşünas Ələsgər Məmmədli açıqlayıb. Ə.Məmmədli qeyd edib ki, 4 il öncə bir proqrama dəvət olunmuşdum. O zaman xırda bir araşdırma aparmış, ölkədə boşanmanın çox yüksək sürətlə artdığı, evliliyə nisbətdə boşanmanın 13,5% olduğunu görmüşdüm:
"Bu gün tənbəllik etməyib, son 10 ilin statistikasını tapıb, qarşılaşdırdım. Statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. 2008-ci ildə ölkədə 79964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib. 10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. qısacası, 10 ildə boşanma 146% artıb. İllərə görə də artımın sürətini aydın görmək mümkündür.
2008-9,92%
2009- 9,97%
2010- 11,44%
2011- 12,19%
2012- 14,02%
2013- 14,23%
2014- 13,50%
2015- 18,55%
2016- 19,64%
2017- 23,06%
2018- 24,36%
Evliliyin sayı 2007-ci ildə 81738-dən, 2017-ci ildə 62923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14514-dək yəni 83% yüksəlib.
Əslində ciddi araşdırma mövzuları var. Sosioloqlar, psixologlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, mənim üçün maraqlıdır internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?".