Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun deputatlarla bağlı səsləndirdiyi fikirlərə sərt cavab verib.

Unikal.org xəbər verir ki, o, parlamentin plenar iclasında çıxışında qeyd edib ki, həmin şəxs iki gündən bir “Yeni Müsavat” qəzetinə iki səhifəlik müsahibə verir və deputatları ittiham edir: 

“Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxır. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər.  Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub... O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır və özü heç bir işlə məşğul olmur. Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər edib. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyətindən yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı  tanıyırıq, o cümlədən onu da”.