Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) V Məzun-Karyera sərgisi keçirilib.
Unikal.org xəbər verir ki, sərgidə 68 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 436 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, KCA Deutag, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, Schlumberger və digər dövlət və özəl şirkətlər iştirak edib. 3000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.
Sərginin açılış mərasimində çıxış edən rektor, professor Mustafa Babanlı artıq beşinci dəfə keçirilən və universitetdə ənənə halını alan Məzun-Karyera sərgilərinin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib. ADNSU-da tələbələrin sənayenin və iqtisadiyyatın tələbələrinə uyğun kadr kimi yetişdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verən rektor, professor M.Babanlı V Məzun-Karyera sərgisində şirkətlərin, eləcə də tələbə və məzunların böyük fəallıq nümayiş etdirməsini diqqətə çatdırıb.
Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı şirkətlərin stendləri ilə tanış olub. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar, təcrübə proqramları barədə məlumat veriblər. Bəzi şrikətlərin nümayəndələri ADNSU ilə əməkdaşlığın dərinləşdirilməsi və tələbələrin təcrübə imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparmaq üçün universitet rəhbərliyi ilə görüşmək istədiklərini qeyd ediblər. Rektor, professor M.Babanlı həmin şirkətlərlə danışıqların aparılması üçün onları universitetə dəvət edib və müvafiq tapşırıqlar verib.
Böyük fəallıqla müşahidə olunan V Məzun-Karyera sərgisində universitetin tələbə və məzunları tərəfindən 2320 ədəd işə müraciət və təcrübə keçmək üçün anket doldurularaq şirkətlərə təqdim olunub.
Saat 10:00-dan başlayan sərgi saat 12:00-dək davam edib.