Bu gündən etibarən Dənizkənarı Milli Parkda Yeni il tədbirlərinə start verilib.
Unikal.org-un xəbərinə görə, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat yayıb.
Onun sözlərinə görə, bayram hazırlıqları artıq yekunlaşıb:
"Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq. Dənizkənarı Milli Parkda Yeni İl tədbirləri iki həftə ərzində davam edəcək".
Qeyd edək ki, Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çilçıraqlarla bəzədilib. Kukla teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka qurulub, teatrın yanında, yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 35 m, eni 4.3 m və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb. Şarın yaxınlığında Yeni ilin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulub.