Bakı Slavyan Universitetinin (BSU) Rusiya Tədris-Mədəniyyət Mərkəzinin “Moskva auditoriyası” tərəfindən XIX əsrin görkəmli rus yazıçısı İvan Turgenevin 200 illiyinə həsr olunmuş “Həyatda yalnız bir dəfə görüş olur” adlı bədii yaradıcılıq gecəsi keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rusiya Tədris-Mədəniyyət Mərkəzinin müdiri Gülnarə Novruzova görkəmli yazıçının həyat və yaradıcılığından, ictimai xadim kimi fəaliyyətindən danışıb. G.Novruzova qeyd edib ki, İvan Turgenev insan ruhunu oxşayan nəhəng yazıçıdır, zaman keçdikcə o, bizə daha yaxın olur.
Sonra rus dilinin tarixi inkişaf yolundan bəhs edən video, İvan Turgenevin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş olunub. Tədbir bədii hissə ilə davam edib. BSU-nun tələbəsi Asiya İbrahimova N.Qarayevanın “Düşüncələr”, Sevinc Hümbətova şair N.Rulenkovun İvan Turgenevə həsr olunmuş şeirlərini oxuyublar. “Dumanlı səhər, boz səhər” adlı romans səsləndirildikdən sonra tələbələr yazıçının “Asya”, “Ucadan düşüncələr”, “Peterburqun kübar həyatı” adlı əsərlərindən səhnəciklər göstəriblər. Bunun ardından isə İ.Turgenevin həyat yoluna, yaradıcılığına və ilk məhəbbətinə işıq salan tamaşa nümayiş olunub. İvan Turgenev obrazını BSU-nun tələbəsi Ceyhun Əliyev canlandırıb.
Tədbir Valentina Ponomaryevanın ifasında “Həyatda yalnız bir dəfə görüş olur” adlı romansla başa çatıb.