Böyük Britaniyanın paytaxtı Londonda 111 illik tarixə malik "Olimpiya London Beynəlxalq Atçılıq Şousu” təşkil edilib.
Unikal.org xəbər verir ki, dekabr ayının 17-dən 23-dək davam edən şouda Azərbaycan təmsilçiləri də iştirak edib.
Azər Həmzəyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində çıxışları "BBS red button” telekanalında canlı nümayiş etdirilib, atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas mövzusuna çevrilib.
Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən "Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda 7 mindən çox tamaşaçının günün birinci və ikinci yarısında 2 dəfə izlədiyi "Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou proqram hər kəsin marağına səbəb olub.
Tədbirin rəsmi internet səhifəsi olan "www.olimpiahorseshow.com” saytında Azərbaycan atçılarının "Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou proqramı təqdim olunub.
Qeyd edək ki, 2018-ci ilin may ayında keçirilmiş bu cür sonuncu tədbirdə Böyük Britaniya Kraliçasının məhz Qarabağ atlarının çıxışını izləmək üçün bir neçə dəfə tədbirə təşrif buyurması milli at cinslərinin tanıdılması üzrə həyata keçirilən fəaliyyətin uğurlu nəticəsi olmaqla yanaşı, həm də Qarabağın Azərbaycanın əzəli və ayrılmaz hissəsi olmasının düşüncələrə həkk edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.(report)