Parisdə Sena çayında suyun səviyyəsi normadan 6 metr artaraq cümə axşamı pik həddə çata bilər.
Daşqına görə dünyaca məşhur Louvre və Orsay muzeyləri bağlanılıb və onların əməkdaşları dəyərli incəsənət əsərlərini təhlükəsiz yerə aparırlar.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, Fransa və Almaniyanı cənginə alan daşqınlar azı 15 nəfərin ölümünə səbəb olub. Minlərlə insan evini tərk etməli olub.
Proqnozlaşdırılır ki, bu həftəsonu Fransadan Ukraynaya qədər Mərkəzi Avropa ölkələri üzərində leysan yağışlar yağmağa davam edəcək.
Cənubi Almaniyada bir neçə şəhər daşqınlar səbəbindən bərbad hala düşüb, yağışlar Belçika və Polşaya da təsirsiz ötüşməyib.
Fransa prezidenti François Hollande deyib ki, hava ciddi iqlim fenomeni və qlobal problemdir.
Parisdə Sena çayının məcrasından çıxan ərazi boyunca maneələr yerləşdirilib.
Sena çayı boyunca mərkəzi Parisdə hərəkət edən dəmiryol xətti bağlanıb. 25 minə yaxın insan Paris və mərkəzi Fransada işıqsız qalıb.
Nemours şəhər mərkəzindən 3000 insan təxliyə olunub. Sena çayının qolu olan Loing çayının səviyyəsinin 1910-cu ildən bu yana yüksəldiyi görünməmişdi.
Altı həftəlik yağışın üç gün ərzində Loiret ərazisinə yağması bütün yolları iflic edib və sürücüləri maşınlardan istifadədən imtina etməyə məcbur edib.
Yaxın günlərdə Almaniyada azı 10 nəfər dünyasını dəyişib, daha bir neçə nəfər itkin düşüb.
Kansler Angela Merkel deyib ki, həyatını itirənlərin xatirəsini anmaq üçün ölkə matəmdədir.
Ən dəhşətli hadisə cənubi Almaniyada, Bavariyada baş verib. 78 yaşlı qadın, onun 56 yaşlı qızı və 28 yaşlı nəvəsi evlərinin zirzəmisində boğulmuş vəziyyətdə aşkar olunub.
Həftənin əvvəlində Almaniyanın cənub qərbindəki daşqınlar səbəbindən 4 nəfər dünyasını dəyişib.
Belçikaya da leysan yağış yağıb. Antwerp, Limburg və Liege şəhərləri ətrafında daşqınlar qeydə alınıb.